Partnyorlarımız

"Pacific Soya" MMC

"Pacific Soya" MMC ilə müəssisəmiz 2015-ci ildən əməkdaşlığa başlamışdır.

"Pacific Soya" MMC respublikamızda soya paxlasının ekstraksiya üsulu ilə emalını həyata keçirən yeganə müəssisədir. 2015-ci ildə fəaliyyətə başlamış müəssisənin xammal qəbulu üzrə gündəlik istehsal gücü 200 tondur. Anbar və istehsal sahəsi daxil olmaqla ümumi sahəsi 1 ha olan müəssisədə 15 nəfər işçi heyəti çalışır.

Heyvandarlıq və quşçuluqda yem bazasının formalaşmasında həlledici rol oynayan və başlıca zülal mənbəyi hesab edilən soya şrotunu yalnız ekstraksiya texnologiyası vasitəsilə əldə etmək mümkündür. Ənənəvi soyuq və isti presləmədən fərqli olaraq, ekstraksiya üsulu cecənin və yağın xüsusi həlledici - heksan vasitəsi ilə ayrılmasını nəzərdə tutur. Bu texnologiya kifayət qədər mürəkkəb olmaqla, xüsusi istehsal şəraiti, peşəkar bilik və bacarıqlar tələb edir.  

Bir qayda olaraq soya şrotu ölkəmizə Cənubi Amerika ölkələri və Ukraynadan gətirilirdi. Nəticədə heyvandarlıq və quşçuluğun tələbatının böyük hissəsi idxal hesabına ödənilirdi. "Pacific Soya" MMC də il ərzində 45 min ton şrot və 12 min ton xam yağ istehsal edərək bu tələbatın 30%-ni ödəmək məqsədi ilə yaradılmışdır. Zavodumuzda istehsal edilən soya yağı, həm də, doymamış yağ turşuları (əsasən olein) ilə zəngin olmaqla, rafinasiya və qida sənayesi üçün qiymətli xammaldır.

Müəssisəsimiz soya xammalını, əsasən, Rusiya və Ukraynadan əldə edir. Eyni zamanda son illər ölkəmizdə bu məhsulun becərilməsinə maraq yaranmış və əkin sahələri ildən-ilə artmaqdadır. Bu amil soya emalında yerli xammaldan istifadə etmək üçün əlverişli imkanlar yaradır.  

Zavodun ünvanı: Şamaxı şossesi 129, AZ0100 Xırdalan / Azərbaycan.